Dəm qazından qorunmaq mümkündürmü?!
Son illər informasiya mübadiləsinin tempinin
artması dünyada və o cümlədən, Respublikamızda baş verən hadisələrin haqqında məlumatların
əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir. Baş verən hər
hansı qəza, təbii fəlakət kimi hadisələr də siyasi məlumatlar kimi anında
ötürülür, yayılır. Bu səbəbdən də bəzən sanki bu və ya digər hadisələrin
intensivləşməsi əvvəlki illərə nəzərən çox dəfə artması kimi qəbul olunur. Fövqəladə
Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti apardığı statistikalarda
yanğın hadisələrinin sayının, bu hadisələrdəki insan tələfatının, dəyən maddi
ziyanların uçotunda heç də göstəricilərin pisləşməsinin şahidi olmur. Sanki hər
sahədə bədbəxt hadisələrin, arzuolunmaz halların sayının artması görüntüsü məhz
internetin inkişafı, məlumatlaar mübalidəsinin sürətlənməsi, cəmiyyət üzvlərinin
həssaslığının artması ilə əlaqədardır.
Narahat doğurucu hadisələrdən biri də dəm qazından
zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır.
Bir nəfər belə Azərbaycan vətəndaşının yaxud Azərbaycan Respublikası ərazisində
dəm qazından zəhərlənərək ölən əcnəbinin olması faktı özü-özlüyündə bir faciədir.
Dəm qazı ən sadə başa düşüləcək dildə təbii qazın və digər yanacaq növlərinin
(odun, kömür və s.) natamam yanması səbəbindən ayrılmış qarışıqlı qazın tənəffüs
orqanlarına düşməsindən zəhərlənməyə və ölümə səbəb olur. Bəs tam yanmamaya səbəb
nədir, ayrılan qarışıq zəhərləyici qaz kütləsi niyə yanma mənbəyindən xüsusi
quraşdırılmış şaxta boru ilə kənarlaşdırıla bilmir?! Doğurdanmı, dəm qazından
tam müdafiə olunmaq mümkün deyil?!
Dövlət Yanğın Nəzarəti Xidməti olaraq, birmənalı
aşağıdakı tövsiyələrə əməl olunarsa, bu öldürücü qazdan qorunmaq mümkündür
deyirik:
·
Heç
bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;
·
Standart
işlədicilərin iş prinsiplərinə əməl olunmalı, onların funksional quruluşuna
müdaxilə edilməməlidir;
·
Hər
hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya
müraciət olunmalıdır;
·
Su
qızdırıcıları - binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran,
Avropa istehsalı olan, xalq arasında “pyatiminutka”, “kolonka”, “kombi”,
“ariston” və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı
sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst,
standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı - montaj olunmalıdır;
·
İşlənmiş
qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta - baca sistemləri mütəmadi
qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar
əşya, hər hansı səbəb yolverilməzdir;
·
Heç
bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır,
qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması
yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa, əməl edə bilməmisinizsə, duş
olan otaqda hökmən nəfəslik - kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik
diametrli dəliklər olmalıdır. Nəfəslik vardır və qapalıdırsa, bunun Sizin təhlükəsiz
duş qəbulunuza faydası olmayacaq, nəfəslik açıq olmalıdır ki, dəm qazı
ayrılması varsa, o qazlar hermetik qapalı mühitdə çox toplanıb ölüm gətirəcək həddə
çata bilməsin, nəfəslik açıq olmalıdır;
·
Fərdi
qaydada su qızdırıcısı ilə təmin olunan ev və mənzillərdə şəxsin evdə tək
olması zamanı duş qəbul etməsi tövsiyə olunmur, çünki, dəm qazından zəhərlənmə
baş verəcəyi halda zərərçəkənin xilas olması üçün kənar şəxsin və ya şəxslərin
köməyi zəruridir. Daha konkret desək, evdə, mənzildə təksinizsə, duş qəbulundan
vaz keçin, bunu evdə kiminsə olacağı vaxta salın;
·
Evdə
iki nəfərsinizsə, birinin duş qəbuluna ikincinin köməyi qaçılmazdırsa, hər
ikisinin eyni vaxtda duş qəbulu otağında olması da yolverilməz hal hesab
olunur, belə situasiyalarda da duşdan kənar şəxsin olması və onun duş
otağındakıların halına nəzarət etməsi vacibdir.
Tövsiyələrimiz qəribə səslənsə də çoxillik fəaliyyətimizdə
və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin şahidi olmuşuq və
bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi halları yetərincə
baş vermişdir;
·
Evində
fərdi qaydada su qızdırıcısı sistemindən istifadə edən varsa, evdəkilər tərəfindən
mütəmadi olaraq duş qəbul edənin – suyun yox, məhz duş qəbul edənin səsini
eşitməklə onun vəziyyətinin yoxlanılması vacibdir. Dəm qazından zəhərlənən
meyxoşcasına huşunu itirir, duş əvvəlki qaydada axan suya xas olan səsi verməklə
axmaqda davam edir, zərərçəkən daha çox bu mühitdə öldürücü qazla tənəffüs
edir, qanda zəhərli maddələrin miqdarı artır, krizis güclənir, təəssüflər olsun
ki, ölüm hadisəsi baş verir. Zəhərlənmənin ilk anlarında hadisənin aşkarlanması, zərərçəkənin dərhal təmiz
havaya çıxarılması və vəziyyətindən asılı olaraq ilkin tədbirlərin görülməsi
zamanı təhlükə aradan qaldırıla bilir;
·
Heç
bir halda mətbəx qaz plitə - sobalarından mənzilin qızdırılması üçün istifadə
etməyin;
·
Qaz
plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım, yaxud
çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk etməyin;
·
Mətbəx
qaz plitələrinin üstündəki hava sorucu (aspirator) sistemin müstəsna əhəmiyyəti
olduğunu unutmayın, hər zaman plitəni alışdırırsınızsa hava sorucunu da dərhal
qoşun! Bu sizi həm qoxudan, həm ayrılan buxarlardan, ən vacibi həm də ayrılan zəhərli
maddələrdən – dəm qazı tərkibli ayrıntılardan qoruyur!
Hörmətli həmvətənlərimiz! Qazla, elektriklə, odla
ehtiyatlı olun, məişətimizin və sivilizasiyamızın ayrılmaz tərkib hissəsinə
çevrilmiş olan bu enerji daşıyıcıları onlarla düzgün rəftar etmədikdə qatilə
çevrilir, amansızlıqla öldürə bilir.
FHN-nin
Dövlət Yanğın Nəzarəti Xidməti