Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış...?!
Daşınmaz
əmlakın icbari sığortası təbii və texnogen hadisə və fəlakətlərdən
iqtisadiyyatın qorunması üçün düşünülmüş və həyata keçirilən, real əhəmiyyət
verən bir prosesdir. Daşınmaz əmlakla bağlı baş verən hadisələr arasında ən çox
rast gəlinən yanğın hadisəsidir. Yanğın nədir?! Niyə baş verir?! Qarşısının
alınması mümkündürmü?!
Hər
hansı bir yanğının baş verməsi üçün bir yerdə yanan maddə, yandıran enerji və
oksigen bolluğu olmalıdır. Bu sadalananların hər üçünün kifayət qədər olduğu məkan
insanların tikib qurmuş olduğu, müxtəlif enerji növləri ilə təchiz edib, içini
məişət və istehsalat avadanlıqları ilə doldurmuş
olduğu tikililərdir. Harada ki, ixtisasından, sənətindən, məşğuliyyət növündən
asılı olmadan insan vardırsa, orada enerjidən istifadə olunur, müxtəlif təyinatlı
avadanlıqlar istismar edilir. Hər hansı qəza, yaxud enerjidən səhlənkar,
ehtiyatsızcasına, normalara zidd şəkildə istifadə olunursa, bu yerlərdə yanğın
hadisəsi qaçılmazdır. Arzuolunmayan yanğın hadisələrinin qəsdən törədilməsi
halları ümumi yanğın saylarının çox cüzi bir hissəsini təşkil edir, yəni hər dəfə
yanğın baş verirsə bu hökmən normativlərə, standartlara, qaydalara bilərəkdən və
ya bilmədən əməl etməmə səbəbindən baş vermişdir. Məqsədli və ya məqsədsiz
qayda pozuntusu eyni nəticələrə gətirir və məqsədli qayda pozuntusu ilə məqsədsiz
qayda pozuntusunu, təəccüblü görünsə də, bəzən ayırmaq çətin olur. Məsələn: yataq
otağında qeyri-standart elektrik peçi ilə qızınmaq istəyən şəxsin gətirib
quraşdırmış olduğu peçin yanğına səbəb olması məqsədli – yəni, otağı qızdırmaq üçün edilmiş hərəkətdir, amma
bu qeyri-standart – təhlükəli elektrik qızdırıcısından istifadə etmək, yanar
maddələrin arasında bunu qoşmaq – etinasızlıq təhlükəni dərk etməmək səbəbindən
məqsədsiz hərəkət hesab oluna bilər. Məişətdə və istehsalatda daim enerji ilə
yaşayan və işləyən insanın əhatəsində yanar maddələr mövcuddur. İnsan istismar qaydalarını
pozmağa meyllidir, bəzən rahatçılığını qaydaların pozulması hesabına tapandır,
bəzən təhlükəsizlik qaydalarına əməl etməyə çəkiləcək xərcləri normalar və
qaydalara əməl etməmə hesabına minimuma endirməyə çalışandır, bu səbəbdən də hər
hansı bir şəkildə enerji istifadəsində norma və standartlara, qaydalara
ehtiyatsız yanaşmaq, etinasız münasibət yaranır ki, bu da yanğın hadisələrini
qaçılmaz edir.
Xalq
arasında əsrlərdən bəri “qurunun oduna yaş da yanır” zərbi-məsəli işlənməkdədir,
bu gün də aktual səslənir. Bir nəfər enerji ilə ehtiyatsız davranan, çox sayda
hər an ehtiyatlı davrananlar üçün də təhlükə yaradır. Hər kəs həyatın bütün
anlarında kimlərləsə qonşuluq etmək məcburiyyətindədir. Demək ki, cəmiyyətin
yanğın kimi ağır, bədbəxt hadisələrdən qorunması üçün hamılıqla standartlara,
normalara və qaydalara əməl etməyimiz zəruridir, amma heç bu da yanğınların
qarşısının tam alınması üçün kafi deyildir. Deməli biz varıqsa, yaşayır və
yaradırıqsa, işləyir və dincəliriksə, təhsil alır, müalicə olunuruqsa, hər bir
iştirakımız olan hal üçün yanğının baş verməsini ehtimal etməliyik, buna hazır
olmalıyıq, bədbəxt hadisələrin qarşısını almağa çalışmalıyıq. Bizim törətdiyimiz
yanğın qonşumuza keçməməlidir, ətrafa yayılmamalıdır, mümkün qədər tez söndürülə
bilməlidir, özümüz də, qonşumuz da, əmlakımız da yanğından etibarlı qorunmalıdır.
Bu qorunmada və sadaladığımız digər şərtlər üçün Azərbaycan xalqının köməkçisi
Fövqəladə Hallar Nazirliyinin struktur tərkibi olan Dövlət Yanğından Mühafizə və
Dövlət Yanğın Nəzarəti Xidmətləridir.
Sağlamlığınızın
və daşınmaz əmlakınızın icbari sığortaları kimi düşünülüb tapılmış və bütün
dünyada qəbul edilmiş sığorta anlayışı, sığorta əməliyyatları insanların qəflətən
bütün növ daşınmaz əmlaklarını yanğın və sairə kimi bədbəxt hadisələr nəticəsində
itirməkdən tam olmasa da qoruya biləcək, onların əvvəlki qaydada yaşamaq və işləmək
imkanını qaytarmaq üçün ümid deyil, real şərait - imkan yaradacaq tək şey - daşınmaz
əmlakın və onun məsuliyyətinin icbari sığortasıdır. Daşınmaz əmlakı sığorta
etdirərkən onun real balans dəyərinin qeyri-real göstərilməsi, müqavilə
bağlanarkən sığortaçıya olunacaq ödənişin azalmasına səbəb olursa, bu, sığorta
hadisəsi baş verdikdə, sığortaçı tərəfindən ödəniləcək məbləğin də yetərincə az
olması ilə nəticələnir ki, bu halın özü də yanğın hadisəsi kimi peşmançılıq və
pərişanlıq gətirir.
Azərbaycan
vətəndaşlarına müraciət edərək daşınmaz əmlakınızı həvəsli, könüllü, tam dəyəri
ilə sığorta etdirməyə çağırır, dəvət edirik! Təsadüfi deyildir ki, daşınmaz əmlakın
sığortasına nəzarət funksiyası sizləri yanğın hadisələrindən qoruyan, mühafizə
edən və xilas edən Fövqəladə Hallar Nazirliyinə həvalə edilmişdir.
Daşınmaz
əmlakın sığortası zamanı müqavilə bağlanması ərəfəsində və prosesində Fövqəladə
Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edin, əmlakınıza
aid yanğın-texniki müayinə keçirilməsini tələb edin, yanğın-texniki müayinə
aktını alın, müayinə zamanı və tərtib olunmuş aktda ünvanınıza iradlar
bildirilirsə, onları dərhal aradan qaldırın! Dövlət Yanğın Nəzarəti Xidmətindən
köməklik istəyin, bir sözlə, həm Fövqəladə Hallar Nazirliyi, həm də lisenziyalı
fəaliyyətlə məşğul olan sığorta şirkətləri ilə könüllü, həvəsli və qarşılıqlı
inam şəraitində əməkdaşlıq edin!
Fövqəladə
Hallar Nazirliyi və dövlətimizin qəbul etdiyi qanunlar əsasında fəaliyyət göstərən
sığorta şirkətləri sizin rifahınız, sağlam şəraitdə yaşamağınız, işləməyiniz, dincəlməyiniz,
təhsil və müalicə almağınız üçün bədbəxt hadisələrdən maksimum dərəcədə qorunmağınız,
hər mənada zərərlərinizin minimum olması üçün yaradılmış qurumlardır.
Yanğın hadisələrindən uzaq olasınız! Bütün
fəaliyyət növlərində uğurlar qazanasınız!
Dövlət Yanğın Nəzarəti Xidməti
12 fevral 2020-ci il