20 Jun 2022
Qobustan fotosərgisi Park Bulvarda
Qobustan abidələrinin təbliği çərçivəsində Park Bulvar Alış-veriş Mərkəzində Qobustan abidələrindən bəhs edən fotosərgi keçirilib. İctimaiyyət tərəfindən böyük maraqla qarşılanan sərginin fotolarının müəllifi fotoqraf Emil Xəlilovdur. Qobustan Milli Tarix-Bədii qoruğu-Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 55 km məsafədə yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir.Qobustan Milli Tarixi-Bədii Qoruğu zəngin qayaüstü təsvirlərə malik olmaqla dünyanın çox az bu tipli abidələri sırasında xüsusi yer tutur. Qeyd edək ki, Qobustan qoruğu beş dağdan- Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şanqardağ, Şıxqayadan ibarətdir. Dağlarda mövcud olan daş dövrünə və sonrakı vaxtlara aid 20 mağara - yaşayış yeri, 40 kurqan, 6000-dən artıq qayaüstü təsvirlər keçmişimizin şahidləridir. Emil Xəlilov fotolarında keçmişimizin bu dəyərli izlərinə işıq tutub. Beynəlxalq Muzeylər gününə həsr edilən sərgi may ayının 19-dək davam edib.